APOLLON
Siz heç özünüzdə hansısa tanrı ilə oxşar xüsusiyyətlər görmüsünüz? Bəlkə Mələz Düşərgəsində başınızın üstündə hansı evə məxsus olduğunuz barədə emblem yanıb? Məndə şəxsən yox… Mən bu emblem zodiakı altında doğulmuşam →). Özümdə daim onun xüsusiyyətlərini, dəcəlliyini, nazını qəmzəsini, biraz yekəxanalığını (yaxşı, biraz deyil), tərsliniyi (təbii ki, Afinaya çata bilmərik) görürəm. Bəli, bəli söhbət gözümüzün ağı-qarası APOLLON-dan gedir…
APOLLON kimdir? Apollon indi yazdığımı oxusaydı istehza ilə gülərdi ki, necə yəni Apollon kimdir? Bunu bilməyən var?
Apollon qədim yunan və roma mifologiyasında Günəş, Şəfəq-yəni işıltılı (adının bir növ mənası elədir), poeziya, şəfa tanrısı, gələcəyi görən kihanətlər atası və orakulların (kahinlərin) sahibi, 9 muzanın himayədarı, oxatanların bələdcisi və 12 Olimplidən biridir. Atam khmmm…daha doğrusu Apollon ən çox ibadət edilən antik yunan tanrılarından biri hesab olunur. Adından da bəlli olduğu kimi Günəşi təmsil edir. Yoluxucu xəstəlikləri o göndərir və o da sağaldır. Simvolları: Dəfnə, yay, lira, delfin və qarğadır.
Silahı ox və yaydır. Zevsin və Letonun oğludur, Artemidanın isə əkiz qardaşıdır.
Rəvayətə görə titan tanrı Koy və ilahə Febanın qızı Leto Zevsdən hamilə qalır. Bundan xəbər tutan Hera qısqanclıqdan dəli olur. Ərinin dinc durmaması onun səbrini daşırır. Letonun hamilə həyatını burnundan gətirmək üçün and içir. Ona elə bir lənət göndərir ki, o yer üzündə olan heç bir torpaqda uşaq dünyaya gətirə bilməsin. Məsələyə əmisi Poseydon müdaxilə etmək məcburiyyətində qalır. Letonun doğa bilməsi üçün Poseydon dənizin altından Delos adasını suyun üzərinə qaldırır və nəhayət Apollon dünyaya gəlir. O doğularkən Delos adası günəş işığına qərq olur. Leto Apolonu nektar və ambroziya ilə qidalandırır. Hefest isə Apollon üçün ox və yayı hazırlayır. Böyümüş Apollon bu silahla Hera tərəfindən Letonun gününü qara etmək üçün göndərilmiş ilana bənzər əjdahanı-Pifonu məğlub edir (bu haqda ətraflı danışacağıq).
Lakin Pifonu öldürdüyünə görə 9 il müddətinə Tempey düzənliyinə qovulur. Anasını narahat edən nəhəng Titiyi öldürdüyü üçün məşhurlaşır.
Xarakteri: Apollon xaraktercə olduqca yekəxana, özünübəyənmiş, özündənrazı, üzlü (el arasında desək sifət) biridir. Qızlarla fırlanmağı, yüngül eşq yaşamağı sevir. Poeziyanın atası olduğu üçün hər cür musiqi alətində tayı bərabəri olmadan ifa edir. Artemida ilə it-pişik kimi olmaqlarına baxmayaraq bacısını çox sevir. Bu da səbəbsiz deyil çünki Artemida nə vaxt ona üz göstərsə və ya mülayim davransa Apollon bundan istifadə edərək onun oxçu qızları ilə fırlanmaq eşqinə düşür. Ciddi qız olan Artemida da bunu heç sevmir. Artemidadan fərqli olaraq Apollon qeyri-ciddi, ağlı havada biridir. Lakin belə olmağına baxmayaraq vəziyyət bacısının, anasının təhlükəsizliyindən getsə və ya Apollonun öz imicinə xələl gələcək məsələ olduğu halda Apollon MAD APOLLON mode: ON rejimi aktivləşdirir. Gün şüasından sürətli oxları ilə hədəfini yerlə yeksan edir.
Heliosun ölümündən sonra Günəş arabasını idarə etmək Apollonun boynuna düşür və o yeni Günəş tanrısı olur. Hər gün səhər qızılı yanan atları ilə günəşi kainat boyu ilə sürərək günümüzü işıqlandırır.
Apollonun 9 muzası var. Bizim dövrün tələblərinə uyğun buna bekvokalistlər deyirlər. Biri digərindən gözəl olan bu vokalist xanımlar Olimpdə musiqi ifa edərək Tanrıları əyləndirməklə məşquldurlar.
Apollonun lirəsi təkcə musiqi ifa etmək və ya fotosessiya etmək üçün alət deyil. Bu həm də sehirli qüvvələrə malik musiqi alətidir. Belə ki, onun sayəsində Apollon illuziyalar yarada bilir. İnsanlarda çaşqınlıq yarada bilir.
Apollon bir çox qızların arxasınca düşsə də (tanrılara məxsus xüsusiyyətdi, təəccüblənməyək) onun qəlbini fəth etməyi sadəcə iki nəfər bacarıb. Biri haqda danışmışıq. Bu Dəfnədir. Digəri isə Qiasint olub. Hər iksinin axırı yaşı qurtarmayıb ona görə Apollonun sevgilisi olmazdan əvvə 9 dəfə düşünün.
Qızıl qıvrım saçlı Apollon qeyri adi yaraşığa malik olmuşdur. Kişi gözəlliyinin tərənnümü hesab edilirdi. Onun bir çox nimfalar və qadın cinsli insanlar arasında sevgililəri olmuşdur. Orfey onun muza Kalliopadan, Asklepiy nimfa Koronidadan, Trailos Kassandradan, Linos Psamatdan, Aristey Kerinadan, Karibantlar Taliyadan olan oğlanlarıdırlar. Onun sevgililəri içərisində yaraşıqlı kişı cinslilərə: Qiasint və Kiparistə də rast gəlinir. Apollonu Pifaqorun atası da hesab edirlər.
Bütün bunlarla yanaşı Apollon şəfa tanrısı da sayılır. Yəni əslində elə də pis oğlan deyil. Məsələn, bekar oldu, ürəyi sıxıldı xəstəlik göndərəcək, epidemiya yaradacaq sonra da yazığı gələcək başlayacaq camaatı sağaltmağa. Onun oğlu Asklepiy həkimliklə məşğul idi. Bir dəfə ölünü diriltiyi və ölümsüzlük eleksiri hazırladığı üçün Zevsin qəzəbinə tuş gəlir və Zevs ildırım göndərərək onu öldürür. Oğlunun öldürülməsinə dözməyən Apollon atasından intiqam almaq qərarına gəlir və məsələ daha da qəlizləşir. Bu haqqda ətraflı danışacağam. Amma başqa məqalədə.
Rick Riordanın kitablarında Apollon bucür təsvir olunub. Necə də yaraşıqlı və özündənrazıdır, düzdü?
Kitabda bir neçə dəfə Percy-ə yardım edir (digər tanrılardan daha qeyrətli çıxır). Təbii ki, özünü tərifləməyi də unutmur. Percy kimi mələzləri çox sevir. Daim yeniyetmə obrazında olur. Lakin nəhənglərlə savaşda buraxdığı cüzi səhvlər ucbatından Zevs qəzəblənərək bütün günahı onun boynuna yıxır və cəza olaraq onun tanrı qüvvələrini əlindən alaraq onu yer üzünə göndərir. O artıq yaraşıqlı qıvrımsaç Apollon yox, ətli-mətli, sızanaqlı, heç bir işə yaramayan Lester olur. Burada artıq Rickin yeni silsiləsi olan “Apollonun Sınaqları” əsəri başlayır. Balaca qızcığaza təhkim olan Apollon/Lester insanlığın, əziyyətin, zəhmətin, məğlubiyyətin nə demək olduğunu bir-bir yaşamaq məcburiyyətində qalır. Mələzlərin tək sığınacağına gələn Lester burada yaddan çıxmış övladlarını tapır…və onlara bu qədər soyuq olduğu üçün peşmançılıq hissi keçirməyə başlayır.
Düzdü Zevs onu daha öncə də cəzalandırmışdı, Poseydonla birgə Apollonu insana çevirərək bir neçə il cəza çəkdirmişdi lakin belə kəskin olmamışdı…
Apollonun digər sərgüzəştləri və adlarını sadaladığım hekayələri haqqında ətraflı digər məqalələrdə yazacam. Hələlik isə bu qədər.